Millilərimiz EEVZA çempionatına yollanıb
Azərbaycanın 16 yaşadək voleybolçu oğlan və qızlardan ibarət milli komandaları Avropa çempionatının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək EEVZA çempionatında iştirak edəcəklər.
QELEBE.AZ xəbər verir ki, noyabrın 19-dan 22-dək təşkil olunacaq yarışda oğlanlardan ibarət millimiz Latviyanın paytaxtı Riqada, qızlardan ibarət komandamız isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaq.
Cahangir Seyed Abassinin rəhbərlik etdiyi oğlanlardan ibarət yığmamız B qrupunda Finlandiya və Latviya komandaları ilə qarşılaşacaq. A qrupunda isə Estoniya, Polşa və Ukrayna milliləri yer alıblar.
Gökhan Edmanın baş məşqçisi olduğu qızlardan ibarət komandamız da B qrupunda Estoniya, Litva və Ukrayna yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Reqlamentə əsasən, qrup qalibləri çempionluq uğrunda, ikinci və üçüncü yerləri tutan komandalar isə yekun sıralamada müvafiq mövqelər uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın qalibləri 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.

https://qalaba.az//uploads/photo/millilerimiz-eevza-chempionatina-yollanib.webp