Ayxan Abbasov: "Kubokdakı məğlubiyyətdən sonra oyuna köklənmək çətin idi"
"Bizim üçün önəmli oyun olduğunu bilirdik. Kubokdakı məğlubiyyətdən sonra futbolçuları matça kökləmək çətin idi".
"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXII tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, komandası qış fasiləsindən bu yana stresdə idi: "Kubokun finalına çıxmaq istəyirdik. Şükürlər olsun ki, qısa müddət ərzində toparlana bildik. Bu mövsüm "Zirə"yə qalib gələ bilməmişdik. Onlarla səfərdə oynamaq çox çətindir. Maraqlı və dinamik oyun oldu".
O, Premyer Liqada yerlərini qorumaq baxımından çox mühüm qələbə qazandıqlarını söyləyib: "Qarşıda bizi vacib 4 oyun gözləyir. Hazırlaşacağıq. Komandamı təbrik edirəm, azarkeşlərimizə təşəkkürümü bildirirəm. Soyuq, küləkli havada Tovuzdan uzun yol qət edib bizi dəstəklədilər. Klub rəhbərliyinə minnətdaram. Futbolçulara böyük motivasiya oldular, arxalarında durdular. Bu qələbəni onlara həsr etmək olar".

https://qalaba.az//uploads/photo/ayxan-abbasov-kubokdaki-meglubiyyetden-sonra-oyuna-koklenmek-chetin-idi.webp











