“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

UEFA Avropa Liqasında “Beşiktaş”ın “Kristal Pelas”, Konfrans Liqasında isə “Trabzonspor”un “Harts”la keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa Liqasının III turunda keçiriləcək “Beşiktaş” – “Kristal Pelas” matçını Niderlanddan olan Denni Makkeli idarə edəcək. Ona həmyerliləri Hessel Streqstra və Yan de Vris kömək edəcəklər. Dördüncü hakim Martayn Vos olacaq. VAR-da Yeroen Manshot, AVAR-da isə Stan Teyben çalışacaq.

Konfrans Liqasının II turunda baş tutacaq “Trabzonspor” – “Harts” qarşılaşması isə belçikalı hakim Lourens Visserə tapşırılıb. Onun köməkçiləri Ruben Vins və Matias Hilyert olacaq. Bert Verbeke dördüncü hakim, Yan Boterberq VAR, Mişel Allarts isə AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Trabzonspor” – “Harts” oyunu oktyabrın 22-də saat 20:45-də, “Beşiktaş” – “Kristal Pelas” görüşü isə həmin gün saat 23:00-da başlayacaq.