Konte gələcəyi ilə bağlı iddialara aydınlıq gətirdi
İtaliyalı mütəxəssis Antonio Konte gələcək karyerası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli məşqçi onunla bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib:
“Napoli”nin baş məşqçisi kimi keçirdiyim möhtəşəm və uğurlu dövrdən sonra məşqçiliyə necə və nə vaxt qayıdacağımı düşünmək üçün özümə vaxt ayıracağam. Qayıdış qərarını yalnız şərtlərin uyğun olduğuna inandığım zaman verəcəyəm. Bu, diqqətlə düşünülmüş qərar olacaq.
Adı çəkilən klublara guya artıq maddi tələblərimi və tam nəzarət istədiyimi bildirmişəm kimi xəbərlər oxudum. Həmçinin güclü xarakterimlə bağlı narahatlıqların olduğu yazılır. Bu xəbərlər əsassızdır, çünki hazırda belə müzakirələr üçün konkret zəmin yoxdur.
Real təklif yaranarsa, həmin klubla danışıqlar aparmaq, hər iki tərəfin ehtiyaclarını və məşqçi kimi iş prinsiplərimi nəzərə alaraq mümkün əməkdaşlığın şərtlərini müzakirə etmək olar.
O vaxta qədər tələblərim və peşəkar gələcəyimlə bağlı bütün iddialar sadəcə fərziyyədir və həqiqət kimi qəbul edilməməlidir”.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis təxminən dörd aydır işsizdir. Onun adı son olaraq “Mançester Yunayted”lə hallanıb. İngiltərə klubunun Maykl Kerriklə yollarını ayıracağı təqdirdə Kontenin baş məşqçi postuna namizədlərdən biri ola biləcəyi iddia edilib.

https://qalaba.az//uploads/photo/konte-geleceyi-ile-bagli-iddialara-aydinliq-getirdi.webp